
Qırmızı piksel: Süni intellekt aylarla axtarılan itkin dağcını necə tapdı
Yeni axtarış üsulu bir çox faciənin qarşısını ala bilər
İtaliyanın Piemonte bölgəsində yaşayan 66 yaşlı təcrübəli dağçı və ortoped-cərrah Nicola Ivaldo 2024-cü ilin sentyabrında təkbaşına yürüşə çıxmışdı. O, hara gedəcəyini yaxınlarına dəqiq bildirməmişdi. Bir neçə gün sonra işə getmədiyi üçün itkin düşməsi barədə məlumat verildi.
Onun avtomobili Varaita vadisində, Castello di Pontechianale kəndi yaxınlığında tapıldı. Son mobil telefon siqnalı isə Kozi Alpləri istiqamətini göstərirdi. Xilasetmə qrupları onun ya 3841 metr hündürlüyündəki Monviso zirvəsinə, ya da yaxınlıqdakı Visolotto zirvəsinə qalxmağa çalışdığını ehtimal edirdi.
İlk axtarış mərhələsi
Piemonte Dağ və Mağara Xilasetmə Xidməti genişmiqyaslı axtarışlara başladı. Helikopterlər, yerüstü qruplar və itlər cəlb olundu. Lakin ərazi son dərəcə mürəkkəb idi: qayalı və dik şimal yamacları; onlarla fərqli marşrut; yüzlərlə kilometrlik dağ cığırları.
Hava şəraiti və relyef axtarışları çətinləşdirirdi. Uzun müddət davam edən əməliyyat nəticə vermədi. Qar örtüyü və təhlükəli qayalıqlar səbəbindən aktiv axtarış dayandırıldı.
Aylar sonra – yeni mərhələ
2025-ci ilin yayında xilasetmə xidməti işi yenidən gündəmə gətirdi. Bu dəfə ənənəvi üsullarla yanaşı, dronlardan və süni intellekt əsaslı görüntü analizi proqramından istifadə edildi.
Dronlar Monviso dağının şimal yamacını yüksək keyfiyyətli minlərlə foto ilə sənədləşdirdi. Süni intellekt sistemi bu görüntüləri analiz edərək təbii mühitdən fərqlənən rəng və formaları axtardı.
Nəticəyə səbəb olan detal
Proqram qayalıqlar arasında çox kiçik, lakin fərqli bir detal aşkar etdi — qırmızı rəngli nöqtə. Bu, Ivaldonun dəbilqəsi idi.
Əraziyə göndərilən qrup təxminən 3150 metr yüksəklikdə onun cəsədini tapdı. İlkin ehtimala görə, o, sürüşərək və ya yıxılaraq həlak olmuşdu.
Hadisə göstərdi ki, geniş və əlçatmaz dağlıq ərazilərdə ənənəvi axtarış üsulları bəzən kifayət etmir. Bu əməliyyatda həlledici rol oynayan amil dron görüntülərinin süni intellekt vasitəsilə analiz edilməsi oldu. Məhz qayalıqlar arasında seçilən “qırmızı piksel” aylarla nəticəsiz qalan axtarışın sonunu gətirdi. Deməli, yeni axtarış üsulu vaxtında tətbiq edilsə, bir çox faicənin qarşısını ala bilər.